Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin mərkəzindədir
Maraqlı
16.07.2021 14:35
408

Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin mərkəzindədir

Loading...

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında dünyaya nümunə oldu.

Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qazı və hərbçilərimizə dərin ehtiramla ənənəvi olaraq diqqət və qayğısını göstərməkdədir. İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi bu qayğının bariz nümunələrindən biridir. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu.

Bu, bir daha təsdiqləyir ki, hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb və icra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündəki çıxışında qeyd etdi ki, bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli siyasətdir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır, bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

Bu gün Azərbaycanda özünüməşğulluq proqramına xeyli sayda şəhid ailələrinin üzvləri və müharibə əlilləri də cəlb olunur. Bu da bir daha onların işlə təmin olunması, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımlardan biridir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhid və qazilərin borclarının silinməsini təmin ediblər.

Bu, dövlət başçısının şəhid ailələrinə və qazilərimizə göstərdiyi daimi diqqət və qayğının növbəti bir nümunəsidir. Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır. Fond tərəfindən şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraitinin yaxşılaşdırılmasına, təhsil haqqının, istehlak kreditlərinin, habelə tibb xidmətlərin ödənilməsinə müvafiq qaydada vəsait ayrılıb.

Eyni zamanda indiyə qədər dövlətimiz tərəfindən 89 Vətən müharibəsi qazisi müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, onlardan 26-sı sağalaraq geri qayıdıb. Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövlətində son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.

Loading...
close
close